“Arzu edirəm, dostluğumuz əbədi olsun” | Xarici tələbə

   “Arzu edirəm, dostluğumuz əbədi olsun”    | Xarici tələbə
  01 Dekabr 2024    Oxunub:453
“Azərbaycan Dövlət Neft və Sənaye Universitetini seçməyimi vaxtilə burada təhsil almış müəllimim tövsiyə etdi. O hesab edir ki, Azərbaycanda təhsil almaq peşəkar inkişafım üçün faydalı olacaq”.
Bu sözləri ADNSU-da Çin-Azərbaycan mübadilə təqaüdü proqramı çərçivəsində təhsil alan aspirant Vu Menyu deyib. O bildirib ki, Azərbaycana gəlməmişdən əvvəl ölkə, onun mentaliteti, mədəniyyəti, tarixi ilə ətraflı tanış olub:

- İnternetdə Azərbaycanla bağlı çoxlu videolara baxmışam və bu ölkəyə heyran olmuşam. Bura gələndən sonra ekzotik mənzərələr məndə silinməz təəssürat yaratdı. Azərbaycan xalqının mehribanlığını, hərarətini hiss etdim. Bakının memarlığı unikaldır, sakinlərin qonaqpərvərliyi və mehribanlığı heyrətamizdir.

- Azərbaycanda tədrisin keyfiyyəti necədir?
- Universitetdə tədrisin səviyyəsi çox yüksəkdir. Tədris proqramını çox bəyənirəm. Müəllimlər mehriban, həssas, yüksək təhsillidir, tələbələrlə düzgün ünsiyyət qurmağı bilirlər. Bəzən dərsdən sonra parkda müəllimlərlə oturub söhbət edir, şirniyyat yeyirik. Müəllimlərimi çox sevirəm.

- Yaxın gələcək üçün hədəfləriniz nədən ibarətdir?
- Əvvəlcə ingilis dilini tam öyrənmək, mükəmməl danışmaq, sonra isə rus dilini öyrənmək istəyirəm. Əminəm ki, bu da mənə həyatda kömək edəcək. Bundan əlavə, Azərbaycanın adət-ənənələrini anlamaq, humanitar elmlərini öyrənmək istəyirəm. Mümkün olsa, məzun olana qədər Azərbaycanın bütün mənzərəli yerlərini görməyə ümid edirəm.

- Sizcə, əcnəbi tələbələr ADNSU-nu hansı səbəblərə görə seçirlər?
- Səbəblər çoxdur. Məsələn, yüksək dərəcəli tədris səviyyəsi və gözəl kampus mühiti var. Bir çox beynəlxalq tələbə bu universiteti sevimli təhsil ocağı olaraq seçir.

- Hansı görməli yerlərə baş çəkmisiniz?
- Azərbaycan Tarixi Muzeyində, Alov Qüllələrində və Qubada oldum, orada cənnət kimi gözəl mənzərələr gördüm.

- Sizcə, Azərbaycan-Çin münasibətləri necə inkişaf edir?
- İki ölkə arasında əlaqələr daim inkişaf edir. Müəllimim mənə dedi ki, İpək Yolu üzərində yerləşən qədim və məşhur Şəki şəhəri beynəlxalq ipək istehsalı mərkəzidir. Ölkələrimiz arasında dostluq əlaqələrinin qədim tarixi kökləri var. Arzu edirəm ki, Çin və Azərbaycan dostluğu əbədi olsun, iki xalq arasında təmaslar daha da sıxlaşsın.

Rolan Yusufov
AzVision.az


Teqlər: Xarici-tələbə  





Xəbər lenti